Wednesday, September 4, 2019

Müdafiə/Mübarizə

"Mən hər dəqiqəni xatırlayıram. Düyməsi həmişəlik yanılı qalmış diktofonam elə bil. Uşaqlıqda özümü çox güclü hesab edirdim, əmimin qalxanını əlimdə tuta bilmirdim, indi isə sığır. Bir şey davamlı baş verəndə, sayını itirirsən artıq. Məndə də belə olub; neçə Günəş, neçə Ay görmüşəm, heç xəbərim yoxdur. 
  
  Ay Allah, gör nə qədər il keçib?! Mən balaca, zəif və aşırı dərəcədə sadəlövh idim. İndi isə sən bunu görməyəcəksən; zaman içində itirməyə məcbur olduqlarımı və itirdiklərimi. Çünki mən bir daha səni qəlbimə buraxmayacağam, yox. Mən rədd edilməkdən imtina edirəm. 
  
  Sümüklərimi sındırmaq istəyirəm. Sonra yenə. Sonra yenə. Ta ki özümü canlı zənn edənədək. Sən səhvsən, mənim sağalmağım heç bir dəqiqə belə çəkmir, nəinki gün.
  
  Nə qədər sınan həyatlar görmək olar?! Neçə dəfə məsum insan xilas etmək olar?! Daha sınmış güzgüdən nə fərqim oldu?!
  
  Belə çox istəyirsən, danış mənimlə, de ki mən də işimi bilim, dayanım bir yerdə. Mən bu cür böyümüşəm; qorxularla, günahsızlığımı qapı arxasında gizlədərək. 
  
  Beləliklə, başla. Nə dayanmısan? Bu sənin belin, bu da mənim ruhum. Bağışla, qazmağa kömək edə bilmirəm, alınmır, sən belə yaratmısan məni. 
  
  Əmimi nə yaxşı öldürə bildin?"

  Bu anda Günəşin doğmağını gözləyirmişcəsinə pəncərənin önündə duran, adının baş hərfi K olan və bayaqdan beynində fikirləri dolaşan müəmmalı şəxsin diqqətini lənətə gəlmiş qapının zəngi dağıtdı. 
  
  Qapı bank borclarını tələb edən kredit işçisinin üzünə açıldı. O, xəfif əyilərək, içəri boylandı. Qəflətən boynuna batan ev sahibinin dişlərini hiss elədi.
  
  K onun qanını ifrat dərəcədə içinə çəkəndən sonra cəsədi doğrayaraq, ətindən gələcək ay ərzində şam yeməklərində istifadə etmək üçün mətbəxindəki dərin dondurucuya yerləşdirdi. 
  
  "Bu gün də ölmədim. Nəysə, bəlkə gələn həftə bəxtim gətirdi..."


No comments:

Post a Comment