Wednesday, September 4, 2019

Müdafiə/Mübarizə

"Mən hər dəqiqəni xatırlayıram. Düyməsi həmişəlik yanılı qalmış diktofonam elə bil. Uşaqlıqda özümü çox güclü hesab edirdim, əmimin qalxanını əlimdə tuta bilmirdim, indi isə sığır. Bir şey davamlı baş verəndə, sayını itirirsən artıq. Məndə də belə olub; neçə Günəş, neçə Ay görmüşəm, heç xəbərim yoxdur. 
  
  Ay Allah, gör nə qədər il keçib?! Mən balaca, zəif və aşırı dərəcədə sadəlövh idim. İndi isə sən bunu görməyəcəksən; zaman içində itirməyə məcbur olduqlarımı və itirdiklərimi. Çünki mən bir daha səni qəlbimə buraxmayacağam, yox. Mən rədd edilməkdən imtina edirəm. 
  
  Sümüklərimi sındırmaq istəyirəm. Sonra yenə. Sonra yenə. Ta ki özümü canlı zənn edənədək. Sən səhvsən, mənim sağalmağım heç bir dəqiqə belə çəkmir, nəinki gün.
  
  Nə qədər sınan həyatlar görmək olar?! Neçə dəfə məsum insan xilas etmək olar?! Daha sınmış güzgüdən nə fərqim oldu?!
  
  Belə çox istəyirsən, danış mənimlə, de ki mən də işimi bilim, dayanım bir yerdə. Mən bu cür böyümüşəm; qorxularla, günahsızlığımı qapı arxasında gizlədərək. 
  
  Beləliklə, başla. Nə dayanmısan? Bu sənin belin, bu da mənim ruhum. Bağışla, qazmağa kömək edə bilmirəm, alınmır, sən belə yaratmısan məni. 
  
  Əmimi nə yaxşı öldürə bildin?"

  Bu anda Günəşin doğmağını gözləyirmişcəsinə pəncərənin önündə duran, adının baş hərfi K olan və bayaqdan beynində fikirləri dolaşan müəmmalı şəxsin diqqətini lənətə gəlmiş qapının zəngi dağıtdı. 
  
  Qapı bank borclarını tələb edən kredit işçisinin üzünə açıldı. O, xəfif əyilərək, içəri boylandı. Qəflətən boynuna batan ev sahibinin dişlərini hiss elədi.
  
  K onun qanını ifrat dərəcədə içinə çəkəndən sonra cəsədi doğrayaraq, ətindən gələcək ay ərzində şam yeməklərində istifadə etmək üçün mətbəxindəki dərin dondurucuya yerləşdirdi. 
  
  "Bu gün də ölmədim. Nəysə, bəlkə gələn həftə bəxtim gətirdi..."


Monday, October 2, 2017

Xoşbəxtlik...

...məni çağırmırdı. Eyni vaxtlarda, iki fərqli şəhərlərdə olmuşduq. Bir-birimizlə bəlkə də yüz dəfə qarşılaşmışdıq. Amma görmürdük. Nə o məni, nə mən onu. Dənizi sevirdik. Mən Bakı Bulvarında tənha gəzişirdim. Mavi Xəzəri seyr edirdim. Orada onun da baxışları var idi. Amma mənimlə kəsişmirdi. İnsanları tanıyırdıq. Seçimlərimizdə yanılırdıq. Təbiət vurğunuyam. Sən demə o, təbiətşünas imiş. Meyvə çox yeyən deyiləm. Lakin Almanın heyranıyam. Əsas da yaşıl almanın. Bölüşmək istəyirdim. O isə məndən uzaq idi. Bu qədər yaxınkən, uzaq olmağı heç kimə arzulamıram. Şeirlər yazırdım onun üçün onu tanımadan. O da yazırmış. Faunanı izləyirdim. Pişiklər mənim zəif nöqtəm olub. Onun pişiyi var imiş. Mənim yerimə də sığal çəkirdi. Simmetriya aşiqiyəm. Amma sevən gözlər asimmetrik cisimlərə fikir vermir. Qüsurlarım var. Ancaq eybəcər deyiləm. Məni bəyənənlər əsas gözümə görə bəyənir. O isə məni MƏN olduğuma görə. Birinin mənəviyyatına vurulmusansa, o sənin gözündə dünyanın ən gözəl insanıdır. Onu qısqanıram. Gec tapdıq bir-birimizi, çətin oldu çox şey. Lakin xoşbəxtliyi onda tapdım. Səbəb nə qədər ağır olursa, nəticə bir o qədər yaxşı olur. Mənim ruh halımı dəyişdirdi. İndi hər gün üzüm gülür. Ürəyim ritmik döyünür. Əsas da o mənim yanımda olanda. Onun gözlərinə baxanda. O gözlər... Nə edim ki, onlara məndən başqa heç kim baxmasın?! Kim baxırsa baxsın, mənim kimi baxa bilməz onsuz da. Mən onun, o da mənim gözlərimdən hər şeyi oxuyur. Susaraq da danışa bilirik. Gözlərimizin içinə baxanda Yer kürəsindən ayrılırıq sanki. O hissi sizə necə başa salım axı. İstəmirəm. Bilməyin. Biz özümüz bilək. Ah. Onun biləkləri... Sevib sevilməyi bu yaşımda başa düşdüm. O mənim həyatım, səadətim, hər şeyim. Onunla varam. Onunla nəfəs alıram.
O məni çağırırdı bəlkə də. Amma mənim qəlbim kar imiş. İndi isə çox yaxşı eşidir. Я Люблю Тебя!


Wednesday, May 17, 2017

OuroboroS

  İnsanlıq nə vaxt peyda olub? Bu sualın cavabını desəm də, inanmayacaqsınız. Amma insan necə əmələ gəlir sualının cavabını hər kəs bilir. Bəs şəxsiyyət? Fərd özünü nə zaman göstərər? Tərbiyə böyük önəm daşıyır. Ailə tərbiyəsi almayan insan ətrafda gördüklərini götürər. Əksər zamanlarda mənfi şeyləri götürürlər. Oğurluqdan tutmuş, adam öldürməyə qədər ən pis xarakterlər formalaşır. Bunun başlıca səbəblərindən biri meqapolis yaşayışıdır. Qədim zamanda yaşamaq üçün torpaq üzərində işlər öyrədilirdi. Torpaq şumlamaq, əkin-biçin, torpaq uğrunda savaşmaq və ölmək. Hələ heyvandarlığı demirəm. Xülasə, əvvəllər uşaqlara bunları öyrədirdilər. İndi isə sosial media, siyasət və ticarət öyrədirlər. Hər kəs asan yoldan pul qazanmağın arxasınca düşür. Təbiətə zərər verməkdən çəkinmirlər. Lazım olsa, yaxın dostlarını da qurban verərlər. Təki işi alınsın. Deyək ki, çox qazandı, həddindən artıq çox. Sonra? Evlənir, uşaq sahibi olur, ona öyrədilən tərbiyənin eynisini uşağına verir. Çərx beləcə fırlanır. Hər şey təkrarlanır. Yer kürəsi gedərək məhv olur. İnsan sayı artıqca, resurs tükənir. Alimlər dünyanın sonundan çıxış yolu axtarmağa heç macal tapa bilmirlər. Öz evimizi, özümüz yıxırıq. 
  Eramızdan 3000 il əvvəl dünyada heç 50000 insan yox idi. Hər kəs xoşbəxt idi, əminəm. Uşağa əkinçilik və heyvandarlıqdan başqa əmək öyrədilmirdi. Tibb inkişaf etmədiyinə görə 40 il ömür sürən insana qibtə edirdilər. Buna rəğmən hamı həyatından məmnun idi. Hər şey demoqrafiyanın artımından sonra korlandı. Əhali artıqca, yeni məskənlərə ehtiyac oldu. İşğal edilə-edilə Avrasiyada yer qalmadı. Həyat standartları mövcud olan hər yerdə insanlar məskunlaşmışdı. 
  Bu minvalla bəşəriyyət oldu 7 milyard. Texnoloji və tibbi tərəqqi hər şeyi bərbad etdi. Müharibələr və təbii fəlakətlər də artıma məğlub oldu. Problemləri asan yolla həll edə bilmək insanların həyatını sadələşdirdi. Lakin ağıllarını başlarından aldı. 
  Bəs nə etməli? Bu qədər yazıdan sonra bəlkə də çoxu düşünəcək ki, mən hamıya intihar etməyi məsləhət görəcəm. Əlbəttə ki, belə bir fikir yanlışdır. Amma ölümcül xəstəliyə düçar olmuşlar ölümü aldatmasalar, yaxşı olar. Ölənin arxasından ağlamasaq, uşaqlarımıza düzgün tərbiyə versək, humanizm aşılasaq, hər şey əla olar. 
  Unutmayın, həyata gəldiyiniz üçün heç kimə borclu deyilsiniz. Lakin insanlığa xeyir verməyə məcbursunuz. Əgər yeyib, içməyə gəlmisinizsə, onda bu dünyada sizə yer yoxdur; siz qlandasınız, avtobusda ayaqda gedən sərnişinsiniz, intihara əsl yaraşan elə sizsiniz. 
  Cəmiyyətə xeyirli olmayan insanın, heç özünə bir xeyri yoxdur. Əgər qarnınızın tox olmağına sevinirsinizsə, deməli başınızın boş olmağına üzülməlisiniz. Nə qədər ki, özünüzü fikirləşməkdən əlçəkməyəcəksiniz, onda heç vaxt əsl sevinc hissini dərk etməyəcəksiniz. 
  Yadınızda möhkəm saxlayın: "Yaxşılıq edən, yaxşılıq tapar!" Heç olmasa bircə dəfə yoxlayın, vicdanınızın rahatlığını təmin edin, ondan sonra mənim nə demək istədiyimi başa düşəcəksiniz. Amma baxın aa, nə badə yaxşılığınızı kiməsə deyəsiniz. Yaxşılıq intim olmalıdır; sizdən başqa heç kim bilməməlidir. 
  Xudahafiz! 

P. S: OUROBOROS fəlsəfəsi "Nə tökərsən aşına, o çıxar qaşığına" məsəlinin ekvivalentidir. 

Saturday, April 23, 2016

Puma

 

  O, hamıdan borc almışdı. Hətta təzə evləndiyi həyat yoldaşının pullarını oğurlamışdı. Qaçmaqda qərarlıydı. Heç kimə demədən, heç kimlə sağollaşmadan yola çıxdı. Nəqliyyatdan istifadə etmək, mehmanxanalarda gecələmək fikri yox idi. Böyük bel çantasına kiçik çadırı yerləşdirib, piyada yoluna davam edirdi. Onun məqsədi ulduzlara yaxın olmaq idi. Nə qədər yaxın olsa, o qədər həyatdan zövq alacaqdı.

  Nyu-Hempşir ştatından 1971-ci ilin yanvarın 14-də çıxdı, fevralın 12-si Kanadanın Yukon əyalətinə çatdı. Onun bəxti onda gətirdi ki, uşaqlıqdan bəri immuniteti güclüdür. Yoxsa bu qədər soyuq havada evsiz şəraitdə xəstələnib ölə də bilərdi. Onsuz da dünyadakı ölümlərin çoxu qrip və qızdırmadan olur. Lakin Uilson çox dözümlü idi. Arzusunu yerinə yetirmək üçün hər kəsi arxada buraxdı. Öz valideynlərini, qardaşını, bacısını, işini və yeni qurduğu ailəsini. O, yeniyetmə çağından bu yana həmin xəyalının gerçəkləşməsini gözləyirdi.

  Uilson nəhayət Müqəddəs Elias sıra dağlarına gəlib, çatmışdı. O, yerlilərdən Loqan dağının yerini soruşdu. Onlar Uilsonu bir bələdçiyə tapşırıb, yola saldılar. Bələdçi yolun uzaq olduğunu bilirdi və darıxmamaqdan ötrü Uilsonla ünsiyyət qurmağa çalışdı:

 - Salam. Mənim adım Andrea-dır. Mən alpinistliyi atamdan öyrənmişəm. O, gəncliyində buranın ən tanınan alpinistiydi. Ceykob Mod. Kimdən soruşsanız, sizə deyər. İllər keçdi və atam yaşlandı. İndi o dağlara çıxa bilmir. Ona görə də onun işini mən davam etdirirəm. Bəs siz, cənab?..

  Uilsonun bələdçi qızdan xoşu gəldi:

 - Cənab Ceyms. Uilson Ceyms.
 - Siz bacarırsınız dağa dırmaşmağı?
 - Mən sırf dağa dırmaşa bilmək üçün 9 ay kursa getmişəm.
 - Nə yaxşı. Bəs niyə məhz bu dağı seçdiniz. Eşitdim ki, siz Nyu-Hempşirdən gəlmisiniz.
 - Bəli, düz eşitmisiniz. Birincisi, Şimali Amerikada ikinci ən hündür zirvə burdadır. İkincisi isə, nəzərə alsaq ki, mən buraya piyada gəlmişəm, Alyaskaya qədər gedə bilməzdim.

  Andrea təəccüblənmişcəsinə onun üzünə baxdı. Amma sual verməyə çəkindi sanki. Uilson söhbətin yarımçıq kəsilməsini istəmirdi:

 - Nə oldu? Niyə susdunuz? Deyin. Deyin ki, ay embesil, oradan buraya avtobusla 30 dollara gələ bilərdiniz.

  Uilson bunu deyib, dayandı. Çantasının içindən kiçik çanta çıxarıb, içindəki pulları göstərdi və dedi:

 - Əgər siz məni Loqan dağının zirvəsinə kimi müşayiət etsəniz, bu pulların hamısını sizə verəcəm.
 - Sizin başınız xarabdır. Tanrının unutduğu bu yerdə o qədər pulu mən neyləyirəm?! Sizi zirvəyə çatdıraram. Bir şərtlə ki, siz mənə bu axmaqlığı nə səbəbə etdiyinizi izah edəcəksiniz.

  Uilson ən azından bir nəfərin bilməsini istəyərdi. Yad birisinin. Və o başladı:

 - Andrea, siz kainatın nə dərəcədə böyük və geniş olduğunu bilirsiniz?! Bizim beynimizin bir kainat olduğunu təxəyyül edin. Oradakı hər bir sinir qovşağının qalaksiya olduğunu düşünün. Hər bir neyronun isə ulduz sistemi. Atom zərrəciyinin planet və onun ətrafında dönən peyklər. Beləliklə biz yoxuq. Yəni bizim varlığımız heç bir önəm daşımır. Onda biz niyə varıq?! Əgər nəhəng və boş kainat beyindirsə, planetlər belə onun varlığında rol oynayır. Biz isə mənasız yaradılışıq. Ta ki, planetimizi məhv edənə qədər. Siz bilirsiniz ki, ən vəhşi canlı insandır. Məsələn, bu dağın mağarasından puma çıxsa, bizə doğru gəlsə bizim 2 seçimimiz olar; ya ondan qaçmaq, ya da onu öldürmək. Əlbəttə ki, 99,99% insan onu öldürməyi seçəcək. Ancaq 0,01% ona heç nə etməz. Bu da təxminən 350000 insan deməkdir. Yəni bu boyda Yer kürəsində cəmi üç yüz əlli min insan yalnız yaxşılıq etməyi düşünür. Lakin biz mətbuatda onlarla qarşılaşmırıq. Niyə?! Çünki insanların əksəri dünyanın məhvi üçün əlindən gələni edir. Kiçik saqqız kağızını zibil qabına deyil, yerə atmaq belə dünyanı məhv etməyə kifayətdir. Hər şey o saqqız kağızından başlayır. Gələcəkdə kimyəvi tullantılar havaya o qədər zərər verəcək ki, oksigenə möhtac olacayıq. Yaşamaq üçün başqa planetlər kəşf edib, oraya köçəcəyik. Sonra oranı da zərərləşdirəcəyik. İnsanlıq yox olana qədər bu belə davam edəcək. Yəqin ki, siz inanclı birisiniz. Mən haqlıyamsa, onda Tanrı bəşəriyyəti yaratmaqla ən böyük günahını edib. İnsanlıq kainatın mikroblarıdır. Mənim bu sözlərimi cəmiyyət öyrənsə də, heç kim özünü öldürməz. Çünki onlar dünyanın gözəlliklərindən həzz almaq istəyirlər. Lakin bilmirlər ki, hər ləzzətdə ona ziyan vururlar. Hələ yaxşı ki, dünyada 3,5 milyard əhali var. Bu əhali o qədər ziyanpərvərdirsə, hələ gör ikiqatı olsaydı dünyanı nə günə salardı.

  Andrea onu başa düşmüşdü. Amma heç nə demədən dırmaşmağa davam etdi. Uilson da onunla birlikdə. Dağın 3000 metrliyində dincəlməyə qərar verdilər və çadırı açıb, yatdılar. Uilson danışdıqlarından peşmanlıq çəksə də, bir tərəfdən ürəyini boşaltdığına görə özünü xoşbəxt hiss edirdi. O sevinclə rahat yuxuya getdi.

  Gözünü açanda günəş şüaları çadırın içini işıqlandırırdı. Uilson çadırdan çıxıb, ətrafa boylandı. Mənzərə gözəl idi. Lakin bir əksiklik var idi. Andrea çadırda deyildi. Əşyaları içəridəydi. Hətta alt paltarlarına kimi hər şeyi çadırdaydı. Özü isə yoxa çıxmışdı. Uilson onun adını qışqırmağa başladı. Ondan isə səs-səda yox idi. Uilson təəccüb içində dağa dırmaşmağa davam edəcəkdi. Əşyaları çantaya doldurdu.

  Artıq dağın 5000 metrliyində idi. Hələ 1000 metrə yaxın məsafə qalmışdı. Uilson burada kiçik mağara gördü, oraya yaxın bir yerdə əyləşib, çantasından lazım olan ləvazimatları çıxardıb, çaydana qar toplayıb, tökdü və onu qaynatdı. Çay yox idi, amma ən azından isti su ilə içini isidə bilirdi. Birdən arxasından sürüşmə səsləri gəldi. Yavaşca çöndü. Təsadüflərə inanmayan Uilson mağaradan çıxıb, ona tərəf yaxınlaşan dişi puma gördü. O, bir az həyəcanlanıb, udqundu. Onun 2 seçimi var idi. Lakin o, daha bir alternativ tapdı. Uilson heç yerindən tərpənmədi. Puma düz gəlib yanında, dayandı və mırıldamağa başladı. Uilson onun sevincini anlamırdı; puma ya "yemək" tapdığı üçün, ya da onu gördüyü üçün xoşbəxt idi. Birincisi onun ağlına daha çox batırdı. Uilson itirəcəyi heç nə olmadığını düşünüb, onun başını sığallamağa başladı.

  İkisi də o anda hər şeydən məmnun idilər. Uilson ömründə o qədər sevinməmişdi. Puma başını ona tam yaxınlaşdırıb, onu yalamağa başladı. Uilson da cavab olaraq, onun başından öpdü. Və birdən puma qadına çevrilməyə başladı. Uilson şokdaydı. Önündə duran çılpaq qadının başını qaldırdı və bu Andrea idi. O, ağlamaqlı gözlərlə ona baxıb: "Məni xilas et!" - demişdi ki, anidən mağaradan nəhəng əjdaha çıxıb, Andreanı böyük ağzıyla qapıb, yenidən içəri qayıtdı. Uilson heç nə edə bilmədiyi üçün çox kədərliydi. O, dağın zirvəsinə çıxmaqda tamamilə qərarlıydı.

  5959 metr. Uilson axır ki, zirvəyə yetişmişdi. Saat 23:43. O, uzanıb, ulduzları seyr etdi. Nə qədər də möhtəşəm görüntü idi. Sanki əlini uzatsa ulduzlara toxunacaqdı. Uilson belə də etdi. O, hər iki əlini havaya qaldırdı. Özünü kosmosda hiss elədi. Elə bil hər tərəf boşluqdur. Əllərini aşağı saldı. Lakin əlləri qarı hiss etmədi. Ətrafa boylandı. Bu nədir?! Uilson həqiqətən də kosmosda idi. Nəinki Yer kürəsindən, ümumiyyətlə Süd yolundan uzaqlaşmışdı. Başqa qalaksiyaya doğru irəliləyirdi. Kiminsə onu itələdiyini hiss edirdi. Amma nə etsə də, arxasına çönə bilmirdi. Onu ən çox təəccübləndirən isə kosmosda oksigensiz necə hərəkət etməsiydi.

  Birdən qarşısında qəribə bir varlıq gördü. O, xristianların yaratdığı Şeytan obrazına bənzəyirdi; qırmızı rəngdə dərisi, başında buynuzu var idi. Həmin varlığın kosmosda heç bir nəqliyyat vasitəsi olmadan gəzintisi ironik idi. Uilson ona səslənmək istədi. Lakin sonra fikrindən daşındı. Ona maneə olmaqdan çəkindi.

  Yol bitmək bilmirdi. Uilson sanki sonsuzluğa doğru gedirdi. Birdən başına bir cisim dəydi. Ovuc həcmində, kürə formasında, göy və firuzəyi rənglərlə yanan cisim. Baxmayaraq ki, cisim yanırdı, heç bir istilik hiss olunmurdu. Uilsonun əlləri kimi, o da soyuq idi. O, yanan cismi söndürmək üçün hər iki əlini istifadə edərək, onu sıxdı. Elə sıxdı ki, alovun işığı yox oldu. Əlini açan kimi cisim çox böyük səslə partladı. Partlayışdan hər yeri işıq bürüdü.

  Uilsonu oyatdılar. O, yarı yuxulu, yarı oyaq insanlara baxdı. Onu oyadanların əynində ağ xalat var idi. Onlar öz aralarında rus dilində nəsə danışırdılar. Uilson anlamırdı. İnsanlardan biri onunla ingiliscə danışmağa başladı:

 - Salam, cənab Presli. Özünüzü necə hiss edirsiniz?

  Uilson nələr baş verdiyindən xəbərsiz və aciz halda soruşdu:

 - Mən haradayam və məni niyə cənab Presli deyə çağırdınız? Mənim soyadım Ceyms-dir.
 - Cənab Presli, siz yəqin travma nəticəsində hafizənizi itirmisiniz. Bizim rusiyalı alpinistlər sizi donmuş vəziyyətdə Loqan dağının zirvəsindən tapıblar.
 - Mənim oraya çıxmağımdan neçə gün keçib?
 - Təxminən 13000 gün. Haha. Yəni 35 il keçib. Biz professorlar hələ də inana bilmirik ki, 35 il sizin nəbziniz vurub, üstəlik, yaşlanmamısınız.

  Uilson bu sözlərə inanmaq istəmirdi. Ancaq dağda və kosmosda qarşılaşdığı hadisələrdən sonra bunlara da inandı. Amma bir şeyi qəbul edə bilmirdi:

 - Mənim adım Uilson Ceymsdir. Siz niyə mənə Cənab Presli deyirsiniz?
 - DNT-niz vasitəsilə öyrənmişik. Sizin adınız Kevin Preslidir. Siz Yukon əyalətində, Loqan dağının yanında yaşayırdınız. Andrea Mod adlı qızı sevirdiniz. O da sizi sevirdi. Atası sizin bir yerdə olmağınıza icazə verməyib. Siz intihar etməyə qərar verib, dağa dırmaşmısınız. Andreanın qalıntılarını dağın 5000 metrliyində yerləşən bir mağaranın içindən tapdılar. Sizi isə donmuş vəziyyətdə zirvədə tapdılar. Hal-hazırda Kanada höküməti sizi məhkəməyə çağırıb. Andreanın ölümündə sizi günahkar hesab edirlər. Çünki o ölərkən çılpaq olub. Onun bütün paltarlarını isə sizin çantanızda aşkarlayıblar. Yəni əllərində sizi həbs etdirmək üçün kifayət qədər dəlil var. Biz sizi müdafiə etməkdən ötrü əlimizdən gələni etdik. Lakin sizin günahsızlığınızı sübut etmək üçün heç bir sübut tapa bilmədik, üzr istəyirik.

  Uilson onların dedikləriniə inana bilmədi. Əgər professor düz danışırdısa, onda Uilson Ceymsin həyatı uydurma idi. 2 həftə sonra məhkəmə zalına gətirildikdə, Uilson dəli kimi öz-özünə danışırdı. Hakim 15 il həbs cəzası qərarını verdikdən sonra Uilson hamının içində bərkdən qışqırdı. Polis onu sakitləşdirib, yerinə oturtdu. Uilson üzünü hakimə tutub, ondan son sözlərini demək üçün icazə istədi. Hakim başı ilə təsdiq etdi. Uilson zaldakı hər kəsə müraciət edirmişcəsinə, öz ətrafında fırlana-fırlana onlarla danışdı:

 - Mənim adım Uilson idi. Mən həyatdan bezmişdim və intihar etmək üçün Loqan dağının zirvəsinə çıxmağa, orada qalıb, acımdan ölməyə qərar verdim. Bələdçi qız Andrea Mod mənə oraya getməyə kömək etmişdi. Lakin hər şey yalan imiş. Bəlkə də halisunasiya görmüşəm. bələdçinin adı ANDREAMOD deyil, ANDROMEDA idi. Onu mən öldürmədim, əjdaha öldürdü. Mən onu xilas etməliydim. Amma bacarmadım. Zirvəyə qalxdıqdan sonra isə kosmosa səyahət etdim və Süd yoluna ən yaxın qalaksiyaya-Andromedaya qədər gedib, çıxdım. Məsələ də elə bundadır. Siz insanlar bu planeti məhv edəcəksiniz, az qalıb. Sonra digər qalaksiyalardakı yaşamağa yarayan planetləri də. Sonra digər, sonra yenə. Ta ki siz özünüz məhv olana qədər. Mənim yaşadıqlarım, Andrea, yanan top, kosmos, hamısı işarə idi. Sağ olun.

  Bu sözlərdən sonra məhkəmə onun haqqında daha bir qərar verdi; onu 15 il tək kamerada məhkum etsinlər. Çünki hakim Uilsonun "dəli" düşüncələrini heç kimə yaymamasını istəyirdi. 15 il tamam olduqdan sonra Uilsonu azadlığa buraxdılar. O, normal ev yeməklərindən ötrü darıxmışdı və belə yeməklər hazırlanan restorana getdi. Orada televizor var idi. Xəbərlərdə aparıcının sevinclə dediyi o sözlərdən sonra Uilson yemək bıçağını götürüb, öz boğazına soxdu:

 Bəli, əziz tamaşaçılar! Artıq bu ilin sonunda Andromeda qalaksiyasında tapılan "Puma" adı verilən yaşamağa yararlı planetə yola düşəcək raketə olan biletlər satışa çıxarılacaq.

Friday, March 20, 2015

İnsan İradəsinin İdarəsi



Bəzilərimiz ailə sahibi oluruq və onu saxlaya bilmək üçün həddindən artıq işləyirik. Məzuniyyət olanda isə əlimizdə qalan pulla zəif tətil edirik. Çünki Azərbaycanda işçilərin yaxşı istirahət edə bilmələri üçün onların işlədikləri yerdə ən azı müavin olmaları lazımdır. Bəs bundan qurtulmaqdan ötrü nə etməyimiz gərəkdir?! Əlbəttə ki, ailə həyatı qurmamaq. Ola bilər bəziləriniz soruşarsınız: "Evlənməmək olmur axı." Bunu deyənlər eqoistdirlər. Sübut edim? Qadınlar evlənməyəndə ona "evdə qalmış" deyirsiniz. Qadın əşya deyil və kişilərdən heç də geri qalmırlar. Onlar da rahat yaşamaq istəyirlər. Belə ki, kişilərin evlənmə səbəbləri çox vaxt uşaq dünyaya gətirmək və ona baxmaq üçün "ana" almalarıdır. Kişilər yaşlananda onlara baxa biləcək övlad arzulayırlar. Qadınlar da bunu istəyirlər. Amma onların ən qorxulu utancı evdə qalmaqdır. Sanki evlənməmiş həyatı davam etdirmək olmur. Əziz qadınlarımız, həyat oyun deyil və evlənməklə siz bir səviyyə keçmirsiniz. Hamının gözəl həyat sürdürməyə ehtiyacı var və bunun üçün evlənmək şərt deyil. Sizi buna heç kim məcbur etmir. Dedi-qoduya tuş gəlməkdən qorxmayın. Onsuz da qeybət edən qadınlar sizin kimi azad olmağı istəyənlərdir. Onlar dustaqdırlar. Siz isə özünüzdən asılısınız və hansısa bir qərarı tək başınıza verirsiniz.
İndi isə kişilər haqqında. Onlar valideynlərinə nəvə, özlərinə isə zəmanət yaradırlar. Buna görə isə evlənmək lazımdır. Hörmətli kişilər, azçəkili olmağınız hər şeyə bəsdir. Yaşlı olsanız da qadınlar sizi bəyənəcək. Üstəlik qayğı məsələsinə görə narahat olmayın. İndi qocalar evləri doludur. Nə vaxt ki, şikəst olarsınız, onda ya qocalar evinə gedərsiniz, ya da ölərsiniz, dərdinizdən canınız qurtular.
Yəni xanımlar və bəylər, evliliyi dərdə çevirməyin. Çünki evli olmaq özü ən böyük dərdlərdən biridir. Şəkildə gördüyünüz həzzi dadmaqdan ötrü subay olmağınız mütləqdir. İnandırım sizi, evlənməyənə qədər mənim sözlərim sizin üçün mənasız və axmaq arzu kimi görünə bilər. Lakin siz yalnız vəziyyətdə istirahətdə olanda, gəmidə jalüzə uzanıb, okeanın dalğalarına qulaq asanda, duyduğunuz ləzzətin yerini, evdə uşağın səsi və həyat yoldaşınızın şikayətləri heç vaxt verməyəcək. Əsas məqsəd evdən çıxandan sonra stressinizi ətrafdakılara dağıtmayın. Sizin əsəbi olmağınız, başqalarına da ziyan vura bilər. Və siz bunu hiss etməzsiniz. Stressdən uzaq ola bilmək üçün isə kifayət qədər dincəlmək məsləhət görülür. Ailəli insanlar isə heç vaxt qədərində istirahət edə bilməz. Ona görə də, dostlarım, iradənizi düzgün idarə edin və evlənmək qərarına gəlsəniz, yenidən düşünün. Eqonuz yüksək deyilsə, onda insanların yaxşılığını fikirləşərsiniz. Evlənib çox adama zərər yetirə bilərsiniz. Amma onu da nəzərə alın ki, tənha adam ətrafa xeyirdən başqa heç nə verməz. Unutmayın, xoşbəxt insan sevdiyini xoşbəxt edən insandır. Və bilin ki, xoşbəxt olmaq üçün evlənmək şərt deyil. Задумайтесь!

Tuesday, December 2, 2014

8 Equals InfiniTy

                                     

   4 il əvvəl başladı hər şey. Mənim ləqəbim "Kamar"dır və bunu hər kəs bilir. 2009-cu ildə özümə Facebook profili açdım və digər sosial şəbəkələrdə olduğu kimi, orada da adım Kamar idi. 2010-cu ildə roman yazmaq qərarına gəldim və Facebook hesabımda Kamar ləqəbinə Eit soyadını qoşdum. Ətrafımdakı, demək olar ki, hər kəs bunun nə anlama gəldiyini soruşurdu. Mən isə vaxtı gələndə hamının öyrənəcəyini demişdim. Və o gün gəlib çatdı. Mənim 4 ildir yazdığım romanın adı "Səkkiz"dir. 8 rəqəmi riyaziyyatda və fizikada məlum olan soznsuzluq işarəsinə bənzəyir. Yəni "Səkkiz bərabərdir sonsuzluq". İngiliscə "Eight Equals InfiniTy". E equals I infini T ty. Blog səhifəmin adı da buna sübutdur. Kamar (məqalələrin müəllifi) 8 Equals InfiniTy (kamar8eit.blogspot.com). İndi isə səbəbini izah edim.   
   Romanda Səkkiz adlı personaj dünyanı dəyişmək istəyir. Yer kürəsini pislərdən təmizləmək üçün birinci öz yaşadığı qəsəbədən başlayır. Onun əsas məqsədi isə ölümə qalib gəlməkdir. Yaşamın sonsuzluğuna nail olmaq üçün plan yaradıb və onu gizli seyfdə saxlayır. Amma planlarını yerinə yetirməsi bəzi hadisələr üzündən təxirə salınır. Buna baxmayaraq, o, sonsuz yaşamın sirrini tapır.   
   Əgər siz bu məqaləmi oxudunuzsa, siz də ölümsüz olmaq istəyirsinizsə, onda romanı oxuyun. Ola bilər ki, kitabı oxuduqdan sonra hələ də heç nə dəyişmədi. Lakin mən inanıram ki, siz romanı oxuduqdan sonra orada özünüzü tapacaqsınız. Təkrar oxuyun. Sonra təkrar. Sonra təkrar... Ta ki sonsuz yaşamın sirrini tapana qədər. Sizə əminlik verirəm, əgər diqqətlə oxusanız, ölümsüz olmağın çətin olmadığını və mənim kitabda nə demək istədiyimi anlayacaqsınız.   
   Bəlkə də bəziləriniz üçün bu sirr heç maraqlı deyil. Amma onu da deyim ki, kitabda, həmçinin, bu günün gerçəkləri, insanların eqoları və törətdikləri mənəvi zədələrdən də bəhs etmişəm. Hərhalda, romanı oxuyub, peşman olanlar, sadəcə, həqiqətlərlə üzləşmək istəməyənlər olacaqlar. Diqqətiniz və səbriniz üçün təşəkkürlər... Задумайтесь!

Saturday, July 26, 2014

Yerli

"Katil de neymiş, insan kanlısını vurmakla, katil olur mu?!"

"Yahu ne biçim adamsın sen, kardaş? Hiç utanman yok mudur?! Niye borcunu ödemirsen? Niye yalan söylüyirsen? Benim kanlım böyle mi olacak idi?!"

Ola bilər bu replikaları tanımırsınız. Məqalənin adını öz dilimizdə yazmışam deyə hər adam başa düşməz. Türkiyənin çox da tanınmayan film,serial rejissoru və ssenaristi Ömer Uğur bu filmin yaradıcısıdır. 2000-ci ilin istehsalı olan kinoda o dövrün zəif ssenari ifadələri hiss olunur. Lakin sujet xətti xariqüladədir. Mövzuya isə söz ola bilməz. Böyük ehtimal mənim bu yazımda spoiler olacaq. Xatırladım ki, məqaləm yalnız resenziya rolu daşımır.

Filmin məğzi bir Diyarbakırlı kənd sakininin İstanbula gedib, atasını öldürən yerlisini tapıb öldürməkdir. Kəndçinin qanlısı təsadüfən onun qarşısına çıxır, amma onu tanımadığına görə canını qurtarır. Yaşar obrazı fırıldaqçı qaçaqdır, onu hamı "Çavuş" deyə çağırır. Çavuş kəndçinin onun yerlisi olduğunu biləndə, onu "Hemşo" adlandırır. Hemşo - "hemşehirli" sözünün qısaltmasıdır, yəni "eyni şəhərli", "yerli" deməkdir. Çavuş ona evində yaşamasına icazə verir. Bundan sonra bir çox hadisələr baş verməyə başlayır.

Tənqidi cəhətdən deyə bilərəm, film xoşuma gəldi, baxmayaraq ki, ssenari teatr tamaşasını xatırladırdı. Filmdə Çavuşun fahişəlik edərək pul qazanan, həkim olmaq üçün pul yığmaq istəyən sevgilisi hər cür çətinliklərə qatlaşır. Polislərlə passportu geri ala bilmək üçün havayı yatır və onlardan biri bir müddət sonra qızın "iş yoldaşı"nı səhvən öldürür. Qız onlardan qaçır. Bununla çətinlik qurtarmır. Çavuş da çayxana sahibinin həyat yoldaşı ilə yatdığına görə, ölümdən qaçır. Lakin bir gün çayxana sahibi onu qısdırır və yaralayır. Hemşo Çavuşu xəstəxanaya aparır. Çavuş sevgilisi ilə ölkədən qaçmaq planı qurur, Hemşo isə həmin qıza aşiqdir və onlara kömək eləmək qərarına gəlir. Polisdən qaça-qaça, sonda ölkədən qaçmaq üçün limana gəlib çıxırlar. Hemşo onları qorumaq istəyərkən polislər onu öldürürlər. Çavuş yardım üçün onun silahını götürür, polislərə atəş açır, amma yerə yıxılmış polislərdən biri də onu öldürür. Kamera qalxır, qız ağlayır, Hemşoyla Çavuşun cəsədləri görsənir, filmin sonu.

Filmin baş rollarını ifa edirlər: Mehmet Ali Erbil (Çavuş/Yaşar), Okan Bayülgen (Hemşo/Cebrayıl), Demet Şener (Tatyana). Demet Şener gözəlliyinə görə filmdə rol alıb, bacarığı yox kimidir. Mehmet A. Erbil ilə Okan Bayülgenin aktyorluğu isə sadəcə möhtəşəm! Əgər filmə baxsanız, Erbilin əslində necə qüsursuz oynadığını görə bilərsiniz. Bayülgen isə onsuz da, həmişə yaxşı aktyor olub. Bu da əbəs deyil, bilindiyi kimi Okan Türkiyənin bir neçə teatrında rejissor olaraq fəaliyyət göstərib, hələ də davam etməkdədir. "En iyi aktör, yönetmendir." deyə bir deyim var. Bu deyim tamamilə O. Bayülgenə aiddir.

P.S: Filmin adı "Hemşo"dur. 2000-ci il, Avşar film istehsalıdır.

İndi isə niyə bu film haqqında niyə bu qədər maraqlandım onu deyim. Filmdə Yaşar çox alçaq afirist insandır. Cebrayıl isə həddindən artıq saf, kənd cahilliyi üstündə qalan, müasir dövrdən yararlana bilməyən, atasının intiqam hissi ilə alışıb-yanan, axmaq "qaz"dır. Hər ikisinin mənfi tərəfi böyükdür gördüyünüz kimi. Amma filmin sonunda ikisinin də ağıllanmağı şübhə oyadır izləyicilərdə. Xeyr, ssenarist ağılsızlıq etməyib. Sadəcə insanların əslində nə olduğunu və nə olmaqdan qorxduqlarını yaxud məcburiyyətdən nəyə çevrildiklərini göstərir bizə proyekt sahibi. Ən çox da Tatyanada bu əks olunur. Rumıniyada həkim ola bilmir, Yaşarla tanış olub Türkiyəyə gəlir, lakin burada iş tapa bilmədiyinə görə , məcbur axırıncı yol olan fahişəliklə məşğul olur. Yaşar qanlısını uşaq yaşda öldürür, 7-8 il həbsdə vicdan əzabı, həbsdən çıxandan sonra isə qorxu hissi ilə yaşayır. Cəbrayıl ümumiyyətlə insanlardan təcrid olunmuş uşaqlıq keçirmişdi. Babası onu himayəsinə götürüb, hər gün onu vaxtı gələndə qisasını alsın deyə doldururdu. Cahil, avam, "meczup" kimi böyüyən Cəbrayıla, evlənmək qismət olmamışdı. Baxın, elə bu cür taleyi olan insanlar nəinki Türkiyədə,bir çox ölkədə var, həmçinin bizim ölkədə də. Bunu sizə görə yazmışam, əziz dostlarım. Kimlərisə qınamamışdan əvvəl, onun keçmişini öyrənin, onun psixoloji vəziyyətini öyrənin.

Əgər bunları bacarmırsınızsa, onda HEÇ KİMİ QINAMAYIN!!!