Monday, October 2, 2017

Xoşbəxtlik...

...məni çağırmırdı. Eyni vaxtlarda, iki fərqli şəhərlərdə olmuşduq. Bir-birimizlə bəlkə də yüz dəfə qarşılaşmışdıq. Amma görmürdük. Nə o məni, nə mən onu. Dənizi sevirdik. Mən Bakı Bulvarında tənha gəzişirdim. Mavi Xəzəri seyr edirdim. Orada onun da baxışları var idi. Amma mənimlə kəsişmirdi. İnsanları tanıyırdıq. Seçimlərimizdə yanılırdıq. Təbiət vurğunuyam. Sən demə o, təbiətşünas imiş. Meyvə çox yeyən deyiləm. Lakin Almanın heyranıyam. Əsas da yaşıl almanın. Bölüşmək istəyirdim. O isə məndən uzaq idi. Bu qədər yaxınkən, uzaq olmağı heç kimə arzulamıram. Şeirlər yazırdım onun üçün onu tanımadan. O da yazırmış. Faunanı izləyirdim. Pişiklər mənim zəif nöqtəm olub. Onun pişiyi var imiş. Mənim yerimə də sığal çəkirdi. Simmetriya aşiqiyəm. Amma sevən gözlər asimmetrik cisimlərə fikir vermir. Qüsurlarım var. Ancaq eybəcər deyiləm. Məni bəyənənlər əsas gözümə görə bəyənir. O isə məni MƏN olduğuma görə. Birinin mənəviyyatına vurulmusansa, o sənin gözündə dünyanın ən gözəl insanıdır. Onu qısqanıram. Gec tapdıq bir-birimizi, çətin oldu çox şey. Lakin xoşbəxtliyi onda tapdım. Səbəb nə qədər ağır olursa, nəticə bir o qədər yaxşı olur. Mənim ruh halımı dəyişdirdi. İndi hər gün üzüm gülür. Ürəyim ritmik döyünür. Əsas da o mənim yanımda olanda. Onun gözlərinə baxanda. O gözlər... Nə edim ki, onlara məndən başqa heç kim baxmasın?! Kim baxırsa baxsın, mənim kimi baxa bilməz onsuz da. Mən onun, o da mənim gözlərimdən hər şeyi oxuyur. Susaraq da danışa bilirik. Gözlərimizin içinə baxanda Yer kürəsindən ayrılırıq sanki. O hissi sizə necə başa salım axı. İstəmirəm. Bilməyin. Biz özümüz bilək. Ah. Onun biləkləri... Sevib sevilməyi bu yaşımda başa düşdüm. O mənim həyatım, səadətim, hər şeyim. Onunla varam. Onunla nəfəs alıram.
O məni çağırırdı bəlkə də. Amma mənim qəlbim kar imiş. İndi isə çox yaxşı eşidir. Я Люблю Тебя!