Wednesday, May 17, 2017

OuroboroS

  İnsanlıq nə vaxt peyda olub? Bu sualın cavabını desəm də, inanmayacaqsınız. Amma insan necə əmələ gəlir sualının cavabını hər kəs bilir. Bəs şəxsiyyət? Fərd özünü nə zaman göstərər? Tərbiyə böyük önəm daşıyır. Ailə tərbiyəsi almayan insan ətrafda gördüklərini götürər. Əksər zamanlarda mənfi şeyləri götürürlər. Oğurluqdan tutmuş, adam öldürməyə qədər ən pis xarakterlər formalaşır. Bunun başlıca səbəblərindən biri meqapolis yaşayışıdır. Qədim zamanda yaşamaq üçün torpaq üzərində işlər öyrədilirdi. Torpaq şumlamaq, əkin-biçin, torpaq uğrunda savaşmaq və ölmək. Hələ heyvandarlığı demirəm. Xülasə, əvvəllər uşaqlara bunları öyrədirdilər. İndi isə sosial media, siyasət və ticarət öyrədirlər. Hər kəs asan yoldan pul qazanmağın arxasınca düşür. Təbiətə zərər verməkdən çəkinmirlər. Lazım olsa, yaxın dostlarını da qurban verərlər. Təki işi alınsın. Deyək ki, çox qazandı, həddindən artıq çox. Sonra? Evlənir, uşaq sahibi olur, ona öyrədilən tərbiyənin eynisini uşağına verir. Çərx beləcə fırlanır. Hər şey təkrarlanır. Yer kürəsi gedərək məhv olur. İnsan sayı artıqca, resurs tükənir. Alimlər dünyanın sonundan çıxış yolu axtarmağa heç macal tapa bilmirlər. Öz evimizi, özümüz yıxırıq. 
  Eramızdan 3000 il əvvəl dünyada heç 50000 insan yox idi. Hər kəs xoşbəxt idi, əminəm. Uşağa əkinçilik və heyvandarlıqdan başqa əmək öyrədilmirdi. Tibb inkişaf etmədiyinə görə 40 il ömür sürən insana qibtə edirdilər. Buna rəğmən hamı həyatından məmnun idi. Hər şey demoqrafiyanın artımından sonra korlandı. Əhali artıqca, yeni məskənlərə ehtiyac oldu. İşğal edilə-edilə Avrasiyada yer qalmadı. Həyat standartları mövcud olan hər yerdə insanlar məskunlaşmışdı. 
  Bu minvalla bəşəriyyət oldu 7 milyard. Texnoloji və tibbi tərəqqi hər şeyi bərbad etdi. Müharibələr və təbii fəlakətlər də artıma məğlub oldu. Problemləri asan yolla həll edə bilmək insanların həyatını sadələşdirdi. Lakin ağıllarını başlarından aldı. 
  Bəs nə etməli? Bu qədər yazıdan sonra bəlkə də çoxu düşünəcək ki, mən hamıya intihar etməyi məsləhət görəcəm. Əlbəttə ki, belə bir fikir yanlışdır. Amma ölümcül xəstəliyə düçar olmuşlar ölümü aldatmasalar, yaxşı olar. Ölənin arxasından ağlamasaq, uşaqlarımıza düzgün tərbiyə versək, humanizm aşılasaq, hər şey əla olar. 
  Unutmayın, həyata gəldiyiniz üçün heç kimə borclu deyilsiniz. Lakin insanlığa xeyir verməyə məcbursunuz. Əgər yeyib, içməyə gəlmisinizsə, onda bu dünyada sizə yer yoxdur; siz qlandasınız, avtobusda ayaqda gedən sərnişinsiniz, intihara əsl yaraşan elə sizsiniz. 
  Cəmiyyətə xeyirli olmayan insanın, heç özünə bir xeyri yoxdur. Əgər qarnınızın tox olmağına sevinirsinizsə, deməli başınızın boş olmağına üzülməlisiniz. Nə qədər ki, özünüzü fikirləşməkdən əlçəkməyəcəksiniz, onda heç vaxt əsl sevinc hissini dərk etməyəcəksiniz. 
  Yadınızda möhkəm saxlayın: "Yaxşılıq edən, yaxşılıq tapar!" Heç olmasa bircə dəfə yoxlayın, vicdanınızın rahatlığını təmin edin, ondan sonra mənim nə demək istədiyimi başa düşəcəksiniz. Amma baxın aa, nə badə yaxşılığınızı kiməsə deyəsiniz. Yaxşılıq intim olmalıdır; sizdən başqa heç kim bilməməlidir. 
  Xudahafiz! 

P. S: OUROBOROS fəlsəfəsi "Nə tökərsən aşına, o çıxar qaşığına" məsəlinin ekvivalentidir.