Friday, January 24, 2014

Demək lazımdır!..


Birinə salam verərsən,çünki tanıyırsan,lazımdır. Amma birinə heç baxmazsan da,çünki tanımırsan. 
Biri üçün nəsə edərsən,çünki köməyə ehtiyacı var,lazımdır. Digərinə etməzsən,çünki səbəbini bilmirsən.
Birini sevərsən,çünki sənə uyğun olduğunu düşünürsən,lazımdır. Başqasını sevməzsən,o səni sevsə belə,çünki onda xoşbəxtlik görmürsən.
Birinə dost deyərsən,çünki sənin yaxşı günündə yanında olur,lazımdır. Dar günündə yanında olana isə bədbəxt deyərsən,çünki səninlə eyni dərdi bölüşür.
Birini dəvət edərsən,çünki onun da səni dəvət etməyini istəyirsən,lazımdır. Lakin səni dəvət etməyənə qarşılıq verməzsən,çünki o soyuq adamdır.
Biriylə əylənərsən,çünki o səni əyləndirir,lazımdır. Başqasından uzaq durarsan,çünki o sakitdir.
Biriylə söhbət edərsən,çünki söhbətləri sənin bildiyin mövzulardadır,lazımdır. O birinə heç qulaq asmazsan,çünki onun dediklərini başa düşmürsən.
Birinə hörmət edərsən,çünki onun vəzifəsi böyükdür,adı-sanı var,lazımdır. Başqasına hörmət etməzsən,çünki onsuz da keçinərsən.
Birinin xətrinə dəyməkdən çəkinərsən,çünki o sənə pis baxmamalıdır,lazımdır. Bunun isə xətrinə dəyməkdən qorxmazsan,çünki onun sənə pis baxmağı vecinə də olmaz.
Birinə hər şeyi deyərsən,çünki ondan çox şey öyrənmək istəyərsən,lazımdır. Ağıllı birinə çox şeyi deməzsən,çünki onun fikirləri sənə maraqlı deyil.
Birindən xoşun gələr,sevgili olarsan,çünki onun da səndən xoşu gəlir,lazımdır. Ancaq birindən xoşun gələr,rədd cavabı alarsan,çünki o, səndən yaxşısını tapa biləcəyini ehtimal edir.
Birinin yanında nalayiq sözlər işlətməzsən,çünki mədəniyyət olmalıdır,lazımdır. Emosional insanın aqressiyasını söyüşlə bildirməyinə pis baxarsan,çünki o xəstədir.
Birinin geyim tərzinə uyğunlaşarsan,çünki dəblə getməlisən,lazımdır. Fərqli geyinsən,hamı gülər,çünki fərqlisənsə,qəribəsən.
Birinin məsləhətini dinləyərsən,çünki çoxluğun sözlərinin arxasınca düşməlisən,lazımdır. Özün qərar verərsən,heç kim yaxşı qaşılamaz,çünki subyektivlik ağılsızlıqdır.
Biri mənfəəti üçün canlılara ziyan verirsə,düzgün edir,çünki əsas odur insan öldürməsin,lazımdır. Hətta sənə ziyan verən ağcaqanadı da öldürmüsənsə,axmaqsan,çünki səbəbin olanda heyvan öldürmək olar.
Biriləri ərəb və ya digər cahil milləti qırırlar,çünki dünyanı avam insanlardan təmizləyirlər,lazımdır. Fahişələri qırmaq isə olmaz,çünki müasir zamandır,çörək pulu qazanmaq lazımdır.
Biri iş tapmaq üçün vəzifəli tanışdan və ya kimdənsə kömək istəyir,çünki fürsətdən yararlanmalıdır,lazımdır. Kim ki,öz bacarıqlarıyla irəli getmək istəyirsə,onun ağlı yoxdur,çünki çoxlu pul əldə etmək istəyənin, çoxlu pulu olmalıdır.
Biri maşın alırsa,acından ölsən belə,sən də almalısan,çünki sən heç kimdən əksik deyilsən,lazımdır. Sənin maşın almağa imkanın yoxdur və almırsansa,sən hamının gözündə alçaqsan,çünki kişinin maşını olar.
Biri ən gec 25 yaşında evlənirsə,sən də eynisini et,çünki 25 yaş limitdir,lazımdır. Sən evlənmək istəmirsən,sevgilin olsa belə evlənməyi düşünmürsənsə,səhv edirsən,çünki valideynin nəvə görmək istəyir,uşaqlar oyuncaq istəyən kimi.
Və biri söz demək istəyir,amma demir,çünki kimlərinsə yanında pərt ola bilər,ona görə də susur,lazımdır. Yalnız sən,nəyəsə fikir bildirirsənsə,heç kim də sözlərini dəyərləndirmirsə,bu o deməkdir ki,onlar başqa dünyanın insanlarıdır,çünki bu dünyada kimisə və nəyisə tənqid edirsənsə,inan ki onu ancaq və ancaq təhqir olaraq qəbul edəcəklər. Doğru söz bizim zamanda heç kimə sərf eləmir...