Çoxunuzun eşitdiyi məşhur pritça var; Bir gün Peyğəmbər yol ilə gedərkən,çayın kənarında tək dayanmış oğlanın dostlarının yanına getmədiyini görüb təəccübləndi və soruşdu:
- Bala,niyə dostlarının yanına gedib oynamırsan?
Balaca oğlan uşağı hıçqıra-hıçqıra,indicə ağlayacaqmış kimi cavab verdi:
- Çünki mən koram,məni yanlarında istəmirlər.
Peyğəmbərin uşağa yazığı gəldi. Axşam Tanrıya dua elədi ki,ona görmə imkanı versin.
Bir neçə gün sonra həmin yoldan keçərkən Peyğəmbər çaş-baş qaldı. Çayın suyu qıp-qırmızı idi. Tanrı uşağa görmə imkanı verdi,uşaq isə budaqlardan nizə düzəldib çayın altına yerləşdirdi və onun yaşıdları üzmək üçün çaya tullananda nizə batıb ölmüşdülər. Peyğəmbər Tanrıdan nə üçün belə olduğunu soruşduqda isə vəhy vasitəsilə belə cavab gəlmişdi: "Tanrı onu kor yaratmışdısa,deməli bir bildiyi vardı. O uşaq kor olduğuna və yaşıdlarıyla oynaya bilmədiyinə görə onlara kin saxlamışdı. Sənin xatirinə uşağın gözünü açdı. O isə bundan istifadə edərək yaşıdlarının ölümünə səbəb oldu. İndi başa düşdün?!".
Bu pritçanı yazmaqda məqsədim nə idi?! Bilirsiniz ki,sevgi və nifrət hissi tamamilə eyni dozadadır. Və ikisini də içəridə çox saxladıqca o kinə çevrilir. Bu nə vaxt ola bilər; yoxluq çəkəndə,əldə edə bilməyəndə,qısqananda,paxıllıq edəndə və s. mümkünsüzlüklə qarşılaşanda insanın sevgisi də,nifrəti də kinə çevrilir. Bunun olmasına yol verməmək üçün isə yalnız bir yol var - deyin! Sadəcə deyin,bu qədər. Qurtulacaqsınız. Kiməsə nifrət edirsiniz və bu nifrətiniz həddindən artıq çoxdur,lap o hörmət etdiyiniz biri belə olsa,ona nifrətinizi deyin. Söyün,ona nə qədər çox nifrət etdiyinizi,səbəblərini deyin. Və ya sevgini misal gətirək. Birini sevirsiniz,bir yerdə olmağınız mümkün deyil və ya utancaqsınız,hətta desəniz bir daha onu görməyəcəyinizdən qorxursunuz,dəxli yoxdur,nə olur-olsun,deyin,etiraf edin. Sadəcə "Səni sevirəm,bilirəm,biz ayrı dünyaların insanlarıyıq,amma dedim ki,biləsən,həmçinin özümə yaxşılıq elədim,stressdən ölmək istəməzdim" deyin. İnanın mənə,çox rahatlayacaqsınız. Hər iki duyğunun kinə çevrilməsi çox pisdir. İntiqam almaq istəyirsən və pis adam sən olursan,çünki intiqam heç vaxt yaxşı nəticə verməyib. Bir insana görə çox insana ziyan verə bilərsiniz. Dəyməz.
Bunun üçün psixoloq olmaq lazım deyil,ancaq gözünüzü açın,bəsdir. Sakit olun,səbrli olun,surrealizmlə maraqlanın,başqalarından kömək istəməyin,yeni məlumat eşitsəniz də çalışın özünüz də araşdırın,sakitləşdirici musiqilər dinləyin. Bu sizin üçün başlanğıc olsun. Unutmayın - Sevginizi və Nifrətinizi yalnız etiraf etməklə kindən qurtula bilərsiniz...